Yeni həyata başlamaq üçün ikinci şans

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi Azərbaycanda məhbuslara hüquqi, reabilitasiya və reinteqrasiya yardımının göstərilməsinə davam edir. Şəki Penetensiar Müəsissəsində son 9 ay müddətində 50-dən çox məhbus biznes təlimlərə cəlb olunub, 83 məhbus hüquqi və 120-dən çox məhbus psixoloji yardım alıb, 60-dan çox məhbus isə yaradılan peşə siniflərində yeni peşəyə yiyələnmək üçün təkmilləşirlər.

Peşəkar hüquqşünaslar tərəfindən göstərilən hüquqi yardım nəticəsində cəza müəsissəsində olsalar da, məhbuslar öz problemlərini həll etmək imkanı qazanıb. Belə ki, göstərilən hüquqi yardım nəticəsində, məhbuslara etibarnamələrin verilməsi, şəxsiyyət vəsiqələrinin yenilənməsi, uşaqları üçün şəxsiyyət vəsiqəsinin alınması, vergi borcları, apelyasiya şikayətlərinin və amnistiya üçün sənədlərin hazırlanması kimi məsələləri həll edilib. Bir neçə məhbusun torpaqların əkilməsi ilə əlaqədar dövlət tərəfindən ayrılmış subsudiyalar alınaraq onların ailələrinə ödənilmişdir. Eyni zamanda, yeni yaradılmış Probasiya Xidməti ilə əlaqədar məhbuslara geniş məlumatlar verilmişdir ki, bu da onlarda gələcək fəaliyyətləri üçün böyük stimul vermişdir. Bundan əlavə, məhbuslara qrup şəklində Qanunvericilikdə edilmiş yeni dəyişikliklər və hüquqi prosedurlar haqqında da məlumat verilmişdir.

Layihənin dəstəyi ilə Şəki Penetensiar Müəsissəsində məhbusların yeni peşəyə yiyələnmələri üçün taxta materialları emalı müəsissəsi açılıb və onların istifadəsi və öyrənmələri üçü müvafiq avadanlıqlar alınıb. Layihənin dəstəyi ilə hal-hazirdə 60-dan çox məhbus bu müəsissədə çalışırlar.

Məhbuslar üçün keçirilən biznes inkişaf təlimləri nəticəsində hal-hazırda 50-dən çox məhbus öz bilik və bacarıqlarını artırıb. Təlimlərin nəticəsi olaraq, azadlığa çıxacaq və biznes müsabiqəsini qazanan məhbuslar üçün biznesin yaradılması üçün lazımi texniki dəstək göstəriləcəkdir. Yeni yaradılmış bizneslər cəza çəkənlərin müvafiq işlə təmin olunmasına dəstək olmaqla, azadlığıa çıxan məhbusların yenidən cinayət törətmə ehtimalını azaldacaq və onların cəmiyyətə yenidən reinteqrasiya etmələrinə kömək edəcəkdir.

Digər tərəfdən də, donor təşkilatın məsul nümayəndələri ilə məsləhətləşmələrdən sonra, məhbuslara göstəriləcək biznes dəstəyin davamlılığını təmin etmək üçün yeni bir strateji yanaşmaya start verilmişdir. Belə ki, çəza çəkən məhbusların ailə üzvlərinin hər hansı birinin (əsasən, həyat yoldaşının) müvafiq peşə sənəti varsa, məhkumun ailəsinin biznesinə dəstək verilməsi planlaşdırılmışdır. Hal-hazırda yaxın zaman ərzində azadlığa çıxacaq bir məhbusun həyat yoldaşının dərzilik sənətinin fəaliyyətinin bərpası istiqamətində biznes planın hazırlanması davam etdirilir və yəqin ki, qısa müddət ərzində bu biznes plana texniki dəstək veriləcəkdir. Bu yanaşma həm Penetensiar Müəsissəsində və həm də, məhbuslar arasında geniş rezonans doğurmuşdur.

Məhbuslar üçün yaradılan psixoloji yardım da onların reabilitasiya və reinteqrasiyasına öz tövhəsini verməkdədir. Odur ki, layihənin psixoloqu məhbuslarla tet-a-tet və qrup görüşləri ilə onlara müvafiq dəstək və motivasiya etdirir və bu da, onlara gələcəkdə cəmiyyətə daha asan inteqrasiya etmələrinə, ailələri ilə yaşamağa, ailə münaqişələrinin azalmasına gətirib çıxardacaq.

Fəaliyyətlər hal-hazırda davam etdirilir və məhbusların cəmiyyətə daha asan reinteqrasiyası və reabilitasiyası üçün Uluçay təşkilatı regional qeyri-hökümət təşkilatları və müvafiq dövlət qurumlarının bu sahədə əməkdaşlığı üçün təlimlər və maarifləndirmə tədbirləri də həyata keçirir. Əlavə olaraq, Şəki Penetensiar Xidmətinin işçi heyətinin də məhbusların hüquqları və müxtəlif ölkələrin bu sahədə olan təcrübələri haqqında məlumat verilir.

 

Həyata keçirilən fəaliyyətlər “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub. Fəaliyyətlər “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və təfəfdaşları olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki regional şöbəsi və İqtisadi və Sosial İnkişaf Mərkəzi ilə birgə həyata keçirilir.