Sahibsiz və vəhşi küçə itləri: fəsadlar və çıxış yolları

“Uluçay” SİİM bir beyin mərkəzi olaraq, regionumuzun sosial, iqtisadi, ekoloji və digər sahələri üzrə araşdırmalarını davam etdirərək, hazırladıqları təklif və tövsiyyələrini həm müvafiq dövlət orqanlarının və həm də, ictimaiyyətin müzakirəsinə təqdim edir. Araşdırma mövzuları geniş və müxtəlif olsa da, elə spesifik problemlər var ki, onları da diqqətdən kənar saxlamaq mümkün deyildir.

Belə problemlərdən biri də, nəinki bizim yaşadığımız şəhərdə, eləcə də, ölkəmizin əksər yerlərində sahibsiz və vəhşi heyvanların (əsasən küçə itlərinin) yaratdığı neqativ hallar və fəsadlardır. Şəki şəhər sakinlərinin bu problemlə bağlı haqlı narazılıqlarını nəzərə alaraq, qısa bir araşdırma aparmağı məqsədəuyğun saydıq. Məsələ spesifik olsa da, araşdırma zamanı məlum oldu ki, bu problemin aradan qaldırılmasında müvafiq dövlət qurumlarının və əhalinin əksər hissəsinin yanaşmaları fərqlidir.

Bu problemə daha geniş anlamda yanaşmaq üçün, ilk növbədə sahibsiz küçə itlərini müəyyən klassifikasiya üzrə sıralamaq lazımdır ki, insanlarda bu barədə tam təsəvvür yaransın və problemin daha da humanist həlli yollarını tapmaq mümkün olsun:

Sahibi olan və nəzarətsiz qalan itlər

Bu itlər çox nadir hallarda (təsadüf nəticəsində, məsələn, evin və ya həyətin qapısı açıq qaldıqda və s.) küçələrdə peyda olurlar. Bu heyvanların əksəriyyəti kiçik ölçülərə malik, eləcə də, xüsusi cins itlər olur və onlar insanlar üçün təhlükə yaratmırlar. Belə heyvanlar tez bir zamanda sahibi tərəfindən tapılaraq evinə qaytarılır və bu kateqoriyaya aid edilən itlərlə bağlı hər hansı bir tədbirin görülməsinə ehtiyac qalmır. Yeganə təhlükə o ola bilər ki, həmin itlər digər vəhşi itlərlə kontaktda olmaqla müəyyən infeksiyaların daşıyıcısına (əsasən də, quduzluq xəstəliyi) çevrilə bilərlər. Belə hallarda itin sahibinin təcili olaraq heyvanı baytar nəzarətindən keçirməsi yetərlidir.

Sahibinin imtina etdiyi avara itlər

Əvvəllər sahibi olan və sonradan müxtəlif səbəblərdən yiyəsi tərəfindən atılan (azdırılan) heyvanlar. Bu kateqoriyaya aid edilən itlər ilk vaxtlarda insanlar üçün təhlükə törətməsə də, sonralar yemək axtarışı üçün şəhərin müxtəlif yerlərində məskunlaşaraq insan qayğı və diqqətindən məhrumluq, eləcə də, vəhşi itlərlə təmas nəticəsində tədricən vəhşiləşməyə başlayır və insanlar üçün müxtəlif problemlər yaradırlar.

Vəhşi itlər

  • Belə itlər əsasən şəhərin kənarında, çaylarda və zibil poliqonunda mövcudluğunu davam etdirsələr də, gecə vaxtlarında şəhərin digər məntəqələrində və hətta mərkəzində də dolaşırlar. Bu itlərin əksəriyyəti heç vaxt sahibi olmayan, əksər hallarda eyni cinslərə malik və iddiasız (tələb olunmayan) sayılırlar. Onlar çox zaman yaşayış məntəqələrindən uzaq dursalar da, bir sıra hallarda (əsasən gecə vaxtlarında) insanlara xəsarətlər də yetirirlər. Bu itlərin hücumuna ən çox məruz qalanlar şəhərin kənar hissələrində salınmış yeni massivlərdə yaşayan insanlardır.

Statistikaya görə:

  • 2018-ci ildə ölkə üzrə 20,000 nəfərdən çox insan itlərin hücumuna məruz qalıb.
  • 2019-cu ilin ilk 3 ayı ərzində isə 5,000 nəfəri it dişləyib və bəzi hallarda bu letal nəticəyə (ölümə) səbəb olub.

Bundan əlavə, bu sahə üzrə fəaliyyət strategiyasını düzgün qurmaq üçün heyvanların (itlərin) əhəmiyyətlilik dərəcəsinə görə ayrılması da çox vacibdir.

  • Xüsusi və nadir cinslərə aid edilən itlər – bu itlər çox qiymətli sayılmaqla, evlərdə xüsusi rejim və diqqətlə bəslənilir və lazımi bütün tibbi və kulinar xidmətlərə malikdirlər. Onlar şəhərə çıxarıldıqda da, xüsusi qaydalara riayət edilir. Bu itlərin sahibləri var və müxtəlif qurumlar tərəfindən görüləcək hər hansı bir fəaliyyətə ehtiyac yoxdur.
  • Kütləviləşməkdə olan və iddiasız sayılan (tələb olunmayan və əsasən də iri) itlər – bu heyvanlar yuxarıda qeyd etdiyimiz qismən 2-ci və tam olaraq 3-cü kateqoriyaya aid edilən itlərdir. Həyata keçirilən bütün fəaliyyətlər bu kateqoriyaya aid heyvanlara şamil edilir.

Bu klassifikasiya üzrə 2-ci və 3-cü kateqoriyaya aid edilən itlərlə bağlı necə rəftar edilməsini və hansı fəliyyətin həyata keçirilməsini aydınlaşdırmaq üçün həm dövlət qurumlarının və həm də, yerli əhalinin münasibətini öyrənməyə çalışdıq.

Əhalinin əksər qismi keçmişdə olduğu kimi, indi də, şəhərin müxtəlif yerlərində dolaşan sahibsiz və vəhşi itlərin məhv edilməsini (güllələnməsini) təklif edirlər. Keçmişdə vəhşi itlərin məhv edilməsi sayəsində onların şəhərin mərkəzinə müdaxiləsinin qarşısının alınması ilə insanların rahatlığı təmin edilsə də, vəhşi itlərin sayında azalma çox az olurdu. Ancaq bununla belə, bu sahə daima nəzarətdə saxlanılırdı.

Müzakirələr nəticəsində aydın oldu ki, bu fikirdə olan insanların Azərbaycanın 1997-ci ildə Avropa Şurasının mərkəzi orqanlarının, eləcə də, Avropa Parlamentinin yerləşdiyi Fransanın Strasburq şəhərində “Heyvanların Mühafizəsi” ilə bağlı Avropa Konvensiyasına qoşulmasından və buna müfafiq olaraq, ölkəmizdə 2007-ci ildə “Heyanların Mühafizəsi Haqqında” Qanunun qəbul edilməsindən xəbərləri yoxdur.

Eyni zamanda, əhalinin əksər hissəsi məlumatsızdır ki, bu Qanunda İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən, heyvanlara qarşı insanlar tərəfindən qəddar (qeyri – humanist) sayıla biləcək davranışlara görə müxtəlif məbləğlərdə cərimələr tətbiq edilir:

Heyvanları öldürən və yaxud onlarla qəddar rəftar edib şikəst edən şəxslər500 manat 
Yarış, satış və digər heyvanların təbii imkanlarını artırıb-azaltmaq üçün onlara preparatların verilməsi, tibbi-texniki üsulların tətbiqi200 AZN
Ev heyvanlarının görünüşünün dəyişdirilməsi və yaxud müalicə məqsədi daşımayan cərrahi əməliyyat aparmaq, o cümlədən heyvanın qulaqlarını kəsmək, dırnağını və ya dişlərini çıxartmaq, səsini batırmaq üçün edilən və sairə kimi xoşagəlməz davranışlar üçün200 AZN
Heyvanların ölkədən çıxarılması və ya gətirilməsi qaydalarını pozanlar100-300 AZN

Qeyd: Hal-hazırda sahibsiz heyvanlara qarşı mübarizənin daha da humanistləşdirilməsi üçün yeni Qanunun hazırlanması istiqamətində işlər davam etdirilir.

Bu sahəyə cavabdeh olan dövlət qurumları isə vəhşi itlərin fiziki məhvinin Qanunla qadağan olunduğunu əsas gətirərək bu metodun tətbiqini dəstəkləmirlər. Bu düzgün yanaşma olsa da, Qanunda nəzərdə tutulmuş digər müvafiq tədbirlər isə həyata keçirilmir. Cavabdeh dövlət təşkilatları lazımi tədbirləri həyata keçirməklə problemi kompleks şəkildə həlli etmək üçün böyük maliyyə yatırımına ehtiyac olduğunu vurğulayırlar. Həqiqətən də, bu məsələnin kökündən həlli üçün müxtəlif ölkələrdə böyük maliyyə yatırımları edilir. Çünki, müvafiq vəsait olmasa, bu problemi tam həll etmək mümkün deyildir. Məsələ burasındadır ki, itlərə baxmaq o qədər də sadə məsələ deyil. Sahibsiz itlər üçün sığınacaqların (poliqonların) yaradılması, dərmanlanaraq tez-tez çimizdirilməsi, vaksinasiya və sterilizasiya edilməsi, xüsusi qidalara öyrəşdirilməsi, vaxtlı-vaxtında vitaminlərin verilməsi, gigiyenik qaydalara əsasən onlara qulluğun olunması və s. bütün bunlar böyük və davamlı vəsait tələb edir.

Şəhərin sahibsiz və vəhşi itlərdən təmizlənməsi və sonrakı taleləri ilə bağlı fəaliyyəti Şəki Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Sahibsiz Heyvanlarla Mübarizə Şöbəsi, eləcə də, Baytarlıq İdarəsi həyata keçirir. Şəki MKTİB vəhşi itlərin ovlanmasını, Baytarlıq İdarəsi isə müayinə və vaksinasiya işlərini görür.

Şəki şəhər Bələdiyyəsinin bu sahədə hansı işlər gördüyü barədə isə məlumatlara çıxış əldə etmək mümkün deyildir, halbuki, digər ölkələrdə bu problemin tənzimlənməsi yerli Bələdiyyələr tərəfindən həyata keçirilir və bu barədə əhaliyə ətraflı məlumat verilir.

Sahibsiz və vəhşi itlərə qarşı mübarizə forması Qanunla tənzimləndiyi üçün artıq fəaliyyət forması da dəyişməli və təcili olaraq yeni konsepsiya hazırlanmalıdır. Şəki şəhər Bələdiyyəsi və MKTİB-nin bu sahədə birgə tərədaşlıq əlaqələri genişləndirilməli, eləcə də, heyansevərlər, heyvan hüquqlarının müdafiəçiləri, Qeyri-Hökümət Təşkilatları, KİV və cəmiyyətin aktiv təbəqəsi bu problemin həllinə cəlb edilməlidir. Sahibsiz və vəhşi itlərə qarşı mübarizə forması Qanunla tənzimləndiyi üçün artıq fəaliyyət forması da dəyişməli və təcili olaraq yeni konsepsiya hazırlanmalıdır. Şəki şəhər Bələdiyyəsi və MKTİB-nin bu sahədə birgə tərədaşlıq əlaqələri genişləndirilməli, eləcə də, heyansevərlər, heyvan hüquqlarının müdafiəçiləri, Qeyri-Hökümət Təşkilatları, KİV və cəmiyyətin aktiv təbəqəsi bu problemin həllinə cəlb edilməlidir. Axşamlar (qış vaxtlarında hava tez qaralır) uşaqların məktəbdən gəlməsi böyük bir riskə dönüb. Ona görə də, əhalinin əksər hissəsi müvafiq addımlar atılmasını və bu məsələnin tezliklə həll edilməsini istəyir. Təbii ki, hökümət qurumlarının müxtəlif konvensiyalara qoşulması təqdirəlayiq bir addımdır. Ancaq konvensiyaya qoşulmaqla belə məsələləri öz axarına buraxmaq son nəticədə əlavə problemlərin yaranmasına gətirib çıxarır. Belə ki, cərimələr tətbiq etməzdən əvvəl, həmin bu sahibsiz itlərin müəyyən bir yerə (sığınacaqlara, poliqonlara) yığılması, qida təminatı, xəstə heyvanların zərərsizləşdirilməsi, vaksinasiya və ya strelizasiya (qısırlaşdırma) edilməsi və s. məsələlər həll edilməli idi. Qeyd edilən tədbirlər həyata keçirilmədiyi üçün hazırki gördüyümüz gərgin vəziyyət yaranıb.

Çünki, sahibsiz və vəhşi itlərin sayı durmadan artır və onlar artıq şəhərin mərkəzi hissələrində də qrup halında öz mövcudluğunu davam etdirməyə başlayıblar. Əksəriyyəti iddiasız sayılan və kütləviləşməkdə davam edən bu itlərin şəhərdə sərbəst dolaşması, bütün sahələrdə vəziyyəti günü-gündən pisləşdirir. Vəziyyət o həddə çatıb ki, artıq bu itlərin bir hissəsi insanlara (əsasən də azyaşlı uşaqlara) xəsarətlər yetirməyə başlayıblar. Onlar əhali tərəfindən tullanmaq üçün küçələrə qoyulan zibilləri dağıtmaqla, epidemik vəziyyəti də gərginləşdirirlər.

Müvafiq dövlət qurumlarıının nümayəndələri qeyd edirlər ki, öz imkanları daxilində sahibsiz itləri yığışdırıb vaksinasiya edirlər və yenidən küçələrə buraxırlar Bu işdə Baytrlıq İdarəsinin və İDEA-nın (əsasən Bakı şəhərində) fəaliyyəti daha çox nəzərə çarpır.

Bu məsələyə heyvan hüquq müdafiəçilərinin yanaşması fərqlidir. Onların əksəriyyəti bu fikirdədir ki, küçə itlərini aqressiv edən, elə insanların özləridir. Bununla belə qeyd etmək lazımdır ki, heyvanlarn hüquqlarını müdafiə edənlər vəziyyəti yaxşıya doğru dəyişmək istiqamətində hər-hansı bir konkret addım atmırlar. Könüllük əsasında çalışmaq, cəmiyyəti maarifləndirməklə onlardan həm maddi və həm də, təkilati dəstək almaq və digər sahələrdə onların şəhərimizdə fəaliyyəti hiss olunmur.

Məsələni daha aydın başa düşmək və fəaliyyət istiqamətini müəyyənləşdirmək üçün müxtəlif ölkələrin təcrübəsinə nəzər salaq:

  • Türkiyədə küçədəki bütün sahibsiz heyvanlar dövlət tərəfindən aşkarlanır, müayinədən keçirilir və vaksinasiya edilir. Peyvənd olunan heyvanları digərlərindən ayırd etmək üçün onların qulaqlarına xüsusi birkalar vurulur. Sahibsiz heyvanların küçələrdən yığışdırılmasına və onlara nəzarətə yerli bələdiyyələr cavabdehlik daşıyır.
  • Rusiyada, Yunanıstanda, eləcə də, bizim ölkəmizdə ovlanan itlər sterilləşdirilmə və vaksinasiya edilməklə yenidən ovlandıqları yerlərə buraxırlar. Bu proses sahibsiz itlərin hamısını tam əhatə etmir.
  • ABŞ-da Heyvanlar Üzərində Nəzarət Milli Assosiasiyasının qərarına əsasən, itlərin şəhər küçələrində sərbəst (sahibi olmadan) hərəkəti yolverilməzdir. Onların rəyinə görə bu itlər epidemik riski artırırlar və bu heyvanlar iddiasız (tələb olunmayan) sayıldıqda iynə vurularaq yatızdırılır (məhv etməyin humanist forması). Təkcə 2013-cü ildə ABŞ-da 2,7 milyon it və pişiklər iynə vurularaq yatızdırılıb.
  • Qərb ölkələrinin əksəriyyətində nəzarətsiz qalan, sahibinin imtina etdiyi və vəhşi itlər ovlanır və geri, şəhər mühitinə qayıdışı qadağan edilməklə, sığınacaqlara yerləşdirilir və iddiasiz sayıldıqda iynə vurularaq yatızdırılır.

Təklif və tövsiyyələr

  • 2007-ci ildə qəbul edilmiş “Heyvanların Mühafizəsi Haqqında” Qanun və bu Qanundan irəli gələn müddəalar barədə əhali arasında geniş məlumatlandırma kampaniyaları aparılmalıdır. Bu prosesdə bütün qurumlar - dövlər orqanları, QHT-lər, KİV-lər və əhalinin ziyalı təbəqəsinin aktiv iştirakı təmin edilməlidir.
  • Bu məsələ ilə bağlı ictimai dinləmələr və diskussiyalar keçirilməlidir.
  • İtlər üçün şəhərdən kənarda xüsusi sığınacaq (poliqon) təşkil etmək və bununla bağlı digər təşkilati məsələlər (poliqonun yerinin seçilməsi, orada heyvanları qəbul etmək üçün müvafiq şəraitin yaradılması, işçi kontinqetinin formalaşdırılması və s.) istiqamətində aktiv fəaliyyətə başlamaq lazımdır.
  • Dövlət qurumlarına tövsiyyə edilsin ki, ovlanaraq vaksinasiya edilən itlərin yenidən ovlandıqları yerlərə buraxılmaq təcrübəsinə son qoyulsun və bu heyvanlar sığınacaqlarda saxlanılsın. Belə ki, həmin heyvanlar ovlandıqları yerlərə qaytarılsa, yenidən insanlar üçün təhlükə mənbəyi olaraq qalmaqdadır.
  • İctimaiyyəti radikal addımlardan çəkindirmək üçün geniş maarifləndirmə kampaniyaları aparlmalıdır. Yerli orqanların maddi cəhətdən bu məsələni həll etmək imkanı məhdud olduğundan, bir çox xarici ölkələrdə olduğu kimi ictimaiyyətdən, imkanlı insanlarda və özəl sektordan maddi və təşkilati dəstək istənilməlidir.
  • Heyvansevərlər və heyvanların hüquq müdafiəçiləri bu sahədə daha aktiv fəaliyyət sərgiləməlidir.
  • Qeyri - hökumət təşkilatları və KİV-lər bu sahəyə yönəlik fəaliyyətlərini gücləndirməlidir
  • Kütləviləşməkdə olan və iddiasiz sayılan küçə itləri sterilizasiya edilməlidir.
  • Evlərdə saxlanılan və əhəmiyyətli bir cinsə aid edilməyən itlərin vətəndaşlar tərəfindən çoxaldılması qadağan edilməlidir və s.

Məbələr: