Rayonlarda sosial sahibkarlığın inkişafına dair icmal

Note: the article is available only in the Azerbaijani language.

“Uluçay” SİİM bir beyin mərkəzi olaraq, sosial sahibkarlıqla bağlı mövzuya yenidən müraciət edib, əhalinin bu sahə üzrə məlumatlılıq və maraq səviyyəsini artırmağı hədəfləmişdir. Çünki, ölkəmizdə iqtisadi və sosial sahələrdə müsbətə doğru yüksələn dinamika, artıq sosial sahibkarlığın da əhəmiyyətini artırır. Sosial sahibkarlığın ideya və dəyərlərini daha dərindən öyrənməyə, ölkəmizdə bu sahənin hərtərəfli inkişafına dəstək verərək, fəaliyyətində tətbiq etməyə çalışan təşkilatlardan biri kimi, “Uluçay” SİİM əksər proqramlarında insanların həyat keyfiyyətinə müsbət təsir edən fəaliyyətə böyük önəm verir. Bunlardan biri kimi təşkilatın nəzdində yaradılmış Tədris Mərkəzinin fəaliyyətini qeyd edə bilərik ki, qaçqın və məcburi köçkünlər, məhbusluqdan azad olunmuş insanlar, əlillər və həssas qadın qrupları bu fəaliyyətdən hərtərəfli yararlanırlar. Bütün bu proseslər hüquqi cəhətdən əsaslandırılmasa da, yəni, sosial sahibkarlıqla bağlı qanunvericiliyin dəstəyi olmadan da, ümumi maraqlara toxunan xidmətləri özündə əks etdirən layihələri həyata keçirən yerli fondlar, QHT və iri holdinqlər bu məsələni hüquqi mübahisələndirmə predmetinə çevirmədən, ölkəmizdə sosial sahibkarlığın təşəkkül tapmasına böyük təkan verməkdədir. Eyni zamanda, qeyd etmək lazımdır ki, ölkəmizdə innovasiya yönümlü startaplara xüsusi imtiyazlar verilməsi nəzərdə tutulub. Belə ki, əgər fərdi sahibkarlar, müəssisələr öz gəlirlərini 3 il ərzində innovasiya sahəsinə yönəldərlərsə, onların gəlirləri mənfəət vergisindən tamamilə azad olunacaq. Bundan əlavə, kiçik və orta biznes klasterləri müəsissələrinə də mənfəət və torpaq vergisindən azad olumaqla, eyni zamnada, dövlət tərəfindən onlarn maliyyə əlçatanlığı həll edilməklə bağlı geniş güzəştlərin edilməsi nəzərdə tutulub.

Hal-hazırda ölkəmizdə sosial sahibkarlığın müxtəlif modellərindən istifadə edilir:
1. Nisbətən sadə modellər:
– Yoxsulluğun aradan qaldırılması üçün dövlət tərəfindən həyata keçirilən müxtəlif proqramlar;
– Əlillərin çalışdığı müəsissələr;
– Əlillər üçün inklyuziv təhsil;
– Xeyriyyəçi mağazalar;
– İmkanlı fərdi şəxslərin ianələri;
– Yetimlərə, çoxuşaqlı analara və məhbusluqdan qayıdan insanlara iş tapan Mərkəzlər;
– Məişət zorakılığından əzab çəkən qadınların reabilitasiyası ilə məşğul olan Mərkəzlər;
– Müasir təhsil qabiliyyəti öyrədən təhsil Mərkəzləri;
– Fondların, aktiv QHT-lərin, iri Şirkətlərin innovativ yanaşmaları və s..

2. İqtisadi cəhətdən mürəkkəb modellər də var, məsələn, amerikalı sahibkar Bleyk Mikoski ayaqqabısı olmayan uşaqlara (Afrika, Cənubi Amerika və s.) kömək etmək üçün ictimaiyyətə müraciət etdi ki, insanlar onun şirkətindən bir cüt ayaqqabı alsalar, şirkət bir cüt yeni ayaqqabıları ehtiyacı olan uşaqlara pulsuz göndərəcək. Sadəcə, bir kommersiya alışı, bir uşağı ayaqqabı ilə təmin edir.

Sosial sahibkarlıq anlayışı:

1. Sosial sahibkarlıq – sosial, mədəni və ya ekoloji problemlərin həllini inkişaf etdirmək, maliyyələşdirmək və həyata keçirmək üçün sahibkarlığın digər vasitələrindən (startap) istifadə etməkdir. Sosial sahibkarlıq bir növ müxtəlif ölçülü və dərəcəli QHT sektoruna, Fondlara və iqtisadi dəyərləri – sosial dəyərlərə çevirən müxtəlif şirkətlərə yaxın sahə kimi xarakterizə olunur.
2. Sosial sahibkarlığın subyekti və aparıcısı sosial sahibkardır. Ənənəvi sahibkarlar, bir qayda olaraq, fəaliyyətlərinin uğurlarını qiymətləndirəndə, satışdan əldə etdikləri gəlirləri və ya səhmlərin dəyərini əsas götürürlər. Sosial sahibkarlar üçün isə, uğurun əsas meyarı “sosial qayğıdır”. Mənfəət öz-özlüyündə bir məqsəd deyil, sosial və ya mədəni məqsədlərə doğru irəliləmək üçün müəyyən vasitə kimi nəzərə alınır. Sadə dildə desək, əldə edilən gəlirin bir hissəsi müxtəlif sosial məsələlərin həllinə yönəldilir.
3. Sosial sahibkarlar, kəskin sosial problemlərlə birbaşa məşğul olur və geniş bilik, nəzəriyyə və fənlərin kəsişməsində, onları geniş kontekstdə nəzərdən keçirməyə meyllidirlər. Bu yanaşma, sosial problemlərin köklərini daha yaxşı başa düşməyə, innovativ ideyalar hazırlamağa və mövcud mənbələri qlobal miqyasda səfərbər etməyə imkan verir. Dünyadakı həm özəl, həm də dövlət qurumları, ehtiyac içində olan icmalara və şəxslərə ümumilikdə ildə milyardlarla dollar yardım edir. Bu cür dəstək innovativ fikirlərin formalaşmasına və geniş yayılmasına önəmli töhfə verir.
4. Sosial sahibkarlığın müasir forması 1980-ci illərdə yaranmış, qeyri-kommersiya təşkilatlarının böyüməsi və aktivləşməsi, eləcə də, nəqliyyat və infrastrukturun inkişafı və yeni kommunikasiyaların yaranması səbəbindən, 1990-cı illərdə sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir neçə onilliklər ərzində bu sektorun inkişafı, sosial sahibkarlıq anlayışının hərtərəfli təşəkkül tapmasına gətirib çıxardı. Bir sözlə, müxtəlif sosial məsələlərin həllinə yönəldilmiş fəaliyyət, artıq sosial sahibkarlığın dəqiq tərifi kimi qəbul edilmişdir.
5. Müasir cəmiyyətdə sosial sahibkarlıq ictimai faydalara yönəlmiş işgüzar yanaşmanın olmasını tələb edir. Belə ki, forma və ölçüsündən asılı olmayaraq, sosial təşəbbüskarlıq, iqtisadi təşəbbüs baxımından sosial dəyişikliyi stimullaşdırır və effektli təsir göstərir. Bu da, sosial sahibkar tərəfindən mənfəət hesab olunur, çünki sosial müəssisənin uğuru, ənənəvi müəssisələr üçün prioritet olmayan sosial təsirlə əlaqəli bir sıra amillərlə bağlıdır. Ümumbəşəri dəyərlər sosial ədalət, sosial şərtlərin dəyişdirilməsinə və sonda, sosial tərədaşlığa zəmin yaradır. Sosial məsuliyyəti dərk edərək, sosial aktivliyi artıran şirkətlər, gələcəkdə də müəyyən iqtisadi fayda əldə edirlər.
6. Sosial sahibkarlığın inkişafında, İngiltərə, ABŞ, İtaliya, Sloveniya, Cənubi Koreya, Malayziaya, Hindistan, Banqladeş və digərləri qabaqcıl ölkələr siyahısındadır. Bu ölkələrdə sosial sahibkarlıqla bağlı hüquqi statuslar müxtəlifdir. Məsələn, bir çox qərb ölkələrində sosial sahibkarlığın ehtiyaclarını təmin etmək üçün xüsusi unikal korporativ formaların yaradılması qanunla təsbit edilmişdir.

Sosial sahibkarlığın hüquqi formaları:
1. Sırf Qeyri-Kommersiya Təşkilatları
Sırf Qeyri-Kommersiya Təşkilatları (QHT-lər) – fəaliyyətinin əsas məqsədi kimi mənfəət əldə etməyən və ya əldə etdiyi mənfəəti iştirakçılar arasında bölüşdürməyən bir təşkilatdır. Qeyri-kommersiya təşkilatları vətəndaşların sağlamlığının qorunması, bədən tərbiyəsi və idmanın inkişafı, vətəndaşların mənəvi və digər qeyri-maddi ehtiyaclarını ödəmək, vətəndaşların və təşkilatların hüquq və qanuni mənafelərini qorumaq sahəsində sosial, xeyriyyəçilik, mədəni, maarif, siyasi, elmi və idarəetmə məqsədlərinə çatmaq üçün yaradıla bilər. Mübahisələrin və münaqişələrin həlli, hüquqi yardımın göstərilməsi, habelə ictimai malların əldə edilməsinə yönəlmiş digər məqsədlər də, bu təşkilatların missiyasına daxildir. Qeyri-kommersiya təşkilatları öz məqsədlərinə çatmaq üçün sahibkarlıq fəaliyyəti ilə də məşğul olmaq hüququna malikdirlər.
Qeyri-Kommersiya Təşkilatlarının maliyyə mənbələri:
– Qrantlar;
– İnternet vasitəsilə xeyriyyəçilik aksiyaları;
– İnvestisiya proqramları (program-related investments);
– Sosial yönümlü kiçik sahibkarlıq.

2. Sırf Kommersiya Təşkilatları
Sırf Kommersiya Təşkilatları – səhmdarları üçün gəlir əldə etməyi və artırmağı öz fəaliyyətinin əsas məqsədi sayır və “biznesin tək bir sosial məsuliyyəti var: oyun qaydaları çərçivəsində mənbələr və enerji qazanc artıran hərəkətlərə yönəldilməlidir” prisipi ilə çalışırlar. Bu “korporativ eqoizm” nəzəriyyəsi kimi qəbul edilir (Milton Friedman). Bu nəzəriyyəni qəbul etməyən ABŞ-ın İqtisadi İnkişaf Komitəsi (İİK) “korporativ altruizm” nəzəriyyəsini təqdim edir. Bu nəzəriyyədə, milləti vahid bir korporasiyaya çevirməklə, Amerika xalqının həyatının yaxşılaşdırılmasına yönəldilməsi əsas tövsiyyə kimi verilmişdir.
Kommersiya Təşkilatlarının maliyyə mənbələri:
– Məhsul satışı;
– Aktivlər.

3. Hibrid Təşiklatlar
Son zamanlarda bir sıra ölkələrin qanunvericiliyində ikinci və üçüncü sektor təşkilatlarının xüsusiyyətlərini özündə birləşdirən “rasional eqoizm” və ya “ağlabatan eqoizm” nəzəriyyələri kimi yeni hüquqi formalar meydana çıxdı. Ümumiyyətlə, mövcud fikirlərin heç biri digərinə zidd deyil, çünki, onların hər biri eyni problemin müxtəlif tərəflərini əks etdirir. “Ağlabatan eqoizm” dövlət tərəfindən şüurlu şəkildə dəstəklənən, hüquqi, institusional və sosial formaları götürən “korporativ altruizm” ilə “korporativ eqoizm”in simbiozudur.
Hibrid Təşkilatların gəlir mənbəyi:
– Qrantlar;
– Fondlardan güzəştli kreditlər;
– Dövlət tərəfindən maliyyə, əmlak və informasiya dəstəyi;
– Vergi güzəştləri;
– İanələr və s.

Sosial Sahidkarlıqla bağlı digər ölkələrin təcrübələri:
I Model – Sosial Müəssisə statusu:
(Belçika, İtaliya, Cənubi Koreya, Sloveniya, Finlandiya, Vyetnam və s.) – təşkilatların tanınması/sertifikatlaşdırılması sistemi. (Rusiya Federasiyası da qanunu bu modelə uyğunlaşdırıb).
Bu modelin əsas prinsipləri:
– Müəyyən bir fəaliyyət dairəsinin seçilməsi;
– Status almaq üçün uyğunluq meyarları;
– Sosial müəssisənin təyin edilməsi və statusunun ləğvi üçün cavabdeh olan xüsusi icra orqanı;
– Statusu olan təşkilatların siyahısı;
– Dövlət dəstəyi sistemi.
Qonşu Rusiyada sosial sahibkarlıq və sosial müəsissələr haqqında qanun 26 iyul 2019-cu ildə qəbul olunub. Daha doğrusu, mövcud olan “Kiçik və orta sahibkarlığın inkişafı” ilə bağlı qanuna əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, sosial problemlərin həllinə yönəlik ictimai faydalı işlərlə məşğul olan kiçik və orta sahibkarlar sosial müəsissə statusunu almaq üçün öz namizədliyini irəli sürə biləcəklər. Bu əlavələrə görə, hüquqi şəxsin və ya sahibkarın sosial müəsissə olduğu kiçik və orta sahibkarlıq subyektinin reyestrinə ilk məlumatın daxil edilməsi 10 aprel 2020-ci ilə planlaşdırılıb.

II Model – Xüsusi Hüquqi forma statusu:
(Almaniya, İtaliya, İspaniya, ABŞ, Böyük Britaniya və s.) – hüquqi şəxs növü;
Bu modelin əsas prinsipləri:
– Sosial müəssisənin xüsusiyyətlərini nəzərə alaraq fəaliyyətin qanuni rejimi;
– Dövlət dəstəyi sistemi;
– Sosial problemlərin həllinə və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş siyasətlərin həyata keçirilməsi baxımından hüquqi şəxsin fəaliyyəti ilə dövlətin maraqları arasında güclü bir əlaqə.
Almaniyada, Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, qanunvericilikdə sosial sahibkarlıq sahəsində fəaliyyət üçün hüquqi şəxslərin xüsusi hüquqi formaları mövcuddur. Təsis sənədlərində təşkilatın qeyri-kommersiya məqsədlərini müəyyənləşdirən qurucular, məsələn, xeyriyyəçi Məhdud Məsuliyyətli Cəmiyyət (Almaniyada), az gəlirli Məhdud Məsuliyyətli Cəmiyyət (ABŞ-da), ictimai maraq kəsb edən şirkət (Böyük Britaniyada) təşkilatını qura və ya dəyişdirə bilərlər.
Böyük Britaniyada, 2004-cü ildə, ikinci dərəcləli məqsəd kimi qazanc əldə etmək imkanlarını qorumaqla, sosial və ya ekoloji məqsədlər üçün işləyən təşkilatların inkişafına təkan verən qanunun qəbul edilməsindən sonra, ictimai marağa dəstək verən şirkətlərin sayı altı mindən çox oldu. Bu qurumların sırf kommersiya şirkətlərindən fərqi ondan ibarətdir ki, onlarda səhmdarlara ödənilən dividendlər, mənfəətin 35%-dən çoxunu təşkil etmir (bəzi ölkələrdə 40-50%) və qalan mənfəət yerli cəmiyyətin mənafeyi üçün sosial problemlərin həllinə xərclənir. Bu yanaşmanın unikallığı ondadır ki, sosial problemlərin aradan qaldırılmasında gəlirin müəyyən hissəsi xərclənsə də, uzunmüddətli perspektivdə əlverişli sosial mühit və buna görə də, davamlı qazanc yaranır. Bu şirkətlərin adı “İctimai Maraq kəsb edən Məhdud Məsuliyyətli Cəmiyyət”lər adlanır.
ABŞ-da isə, mənfəətin bölüüşdürülməsini məhdudlaşdırmaq üçün tələblərin olmaması ilə fərqlənən, xeyriyyəçi, sosial baxımdan faydalı bir missiyaları həyata keçirmək üçün az gəlirli MMC-lər L3C (Low-profit limited-liability company) yaradılıb. Bu tip MMC-lər ABŞ-da böyük populyarlıq qazanıb. Bu MMC-lər ilk dəfə 2008-ci ildə Vermontda (ABŞ) yaranıb. 2009-cu idə bu təşkilatların rəsmi fəaliyyəti qanunla təsbit edildikdən sonra, onlar digər bölgələdə də fəaliyyətə başlayıblar. Hal-hazırda Point Reyes Ligt kimi xəbər agentlikləri də daxil olmaqla, ABŞ-da 100-dən çox L3C-lər aktiv fəaliyyətdədir.
Banqladeşdə də sosial sahibkalıq əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Misal üçün, sosial işçi olan və BRAC-ın (BRACs Non – Formal Primary Education Programme) rəhbəri Fazle Hasan Abdelin fəaliyyəti bütün dünyada təqdir olunmaqdadır. Minlərlə içşisi olan bu beynəlxalq QHT-nin icmalara zaminsiz olaraq verdiyi mikrokreditlər vasitəsilə, təhsil, səhiyyə, k/t, insan hüquqları və digər sahələrdə mövcud olan problemlərin həll olunmasında və ümumiyyətlə öz ölkəsində yoxsulluğun azaldılmasında böyük rolu olub.
Gürcüstanda bu sahənin inkişafı istiqamətində işlər 2009-cu ildən başlayaraq geniş vüsət tapmışdır. Sosil sahibkarlıqla bağlı qanun qəbul edilməsə də, 15 noyabr tarixi “Sosial Sahibkarlıq Günü” kimi qəbul edilib və Avropa İttifaqı bu sahənin inkişafına böyük maliyyə dəstəyi göstərir. Bu sahənin hərtərəfli inkişafına əhəmiyyətli dəstək verən təşkilat isə Avropa Fondudur (Europe Foundation). Hal-hazırda həm Gürcüstanda və həm də, Ukraynada sosial sahibkarlığın müxtəlif formalarının hüquqi bazasının yaradılması istiqamətində aktiv iş aparılır.

Azərbaycanda sosial sahibkarlığın inkişafı üçün həyata keçirilməsi vacib olan məsələlər:
– Sosial müəssisə anlayışını və iş şəraitini müəyyən edən müvafiq qanunvericilik bazasının yaradılması;
– Nəzəri və normativ bazanın formalaşdırılması və gücləndirilməsi;
– Sosial sahibkarlığın stimullaşdırılmasına dövlət səviyyəsində real dəstəyin verilməsi;
– Şəxsi investorları sosial sahibkarlığa meyilləndirmək üçün subsidiyaların ayrılması;
– Sosial sahibkarlığa dövlət tərəfindən sistemli şəkildə dəstək üçün münbit şərait yaradılması;
– Bu sahə üzrə xarici təcrübələrin hərtərfli araşdırılması, eləcə də, beynəlxalq səviyyədə qəbul edilən və bizim ölkə üçün münasib olanının təbliğ və təşviq edilməsi;
– Sosial sahibkarlıqla bağlı dövlət və sahibkarlar arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi;
– İnstitusional dəstəyin artırılması;
– Aktiv Fondlar, QHT-lər və iri şirkətlər tərəfindən sosial sahibkarlığın əhəmiyyətli dərəcədə inkişafı üçün innovativ yanaşmaların genişləndirməsi;
– QHT-lər tərəfindən cəmiyyətin sosial ehtiyaca olan mövqeyinin araşdırılması;
– Bu sahə üzrə məlumatlılıq səviyyəsinin, eləcə də, sosial sahibkarlığın formalaşmasına dəstəyin artırılması;
– Qarşılıqlı məlumatların stimullaşdırılması;
– Kiçik və orta sahibkarlara məlumat, məsləhət, mentor, hüquqi, loqistik və təşkilati dəstəyin artırılması;
– Həvəsləndirici və kütləvi tədbirlərin keçirilməsi;
– Sosial – iqtisadi dəyişikliklərə innovativ yanaşmanın tətbiq edilməsi və s.