Vətəndaş cəmiyyəti sektoru və hökumətin əməkdaşlığı: xarici modellər

11 mart 2017-ci il tarixində “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi vətəndaş cəmiyyəti təşkilatlarının, yerli hakimiyyət orqanlarının və hökumət nümayəndələrinin iştirakı ilə “Vətəndaş cəmiyyəti sektoru və hökumətin əməkdaşlığı: xarici modellər” mövzusunda təlim təşkil etmişdir.

Təlimi layihənin tərəfdaş təşkilatı olan İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri, Vüqar Bayramov keçirib. Təlimin məqsədi yerli maraqlı tərəflərin, o cümlədən VCT-lərin, hakimiyyət orqanlarının və hökumət nümayəndələrinin əməkdaşlıq üçün digər ölkələrin innovativ alətləri və yanaşmalarından istifadə haqqında bilik və məlumatlılığını artırmaq olub. 28 maraqlı tərəfin iştirakı ilə keçirilən təlim sessiyaları müxtəlif ölkələrdən, xüsusən ABŞ, Böyük Britaniya, Türkiyə, Yeni Zelandiya, Braziliya, Hindistan və Estoniyadan yeni metodologiyaların öyrənilməsinə dəstək verib. Fərqli xüsusiyyətləri olan ölkələrin daha əhatəli spektrini əhatə etmək vətəndaş cəmiyyəti sektoru ilə hökumət arasında mümkün əməkdaşlığı yaradan dərin və müxtəlif yanaşmalar əldə etməyə kömək etdi.

İştirakçılar lazımi materialları, o cümlədən təqdimatları və təqdim olunan modellər haqqında ətraflı məlumatı əldə edə bilmiş, həmçinin Azərbaycanda modellərin mümkün qəbulu və çətinlikləri müzakirə etmək üçün sual-cavab sessiyalarında fəal iştirak etmişlər.

Təlim “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin təşəbbüsü ilə BMT İnkişaf Proqramının dəstəyi ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Əhalinin həssas təbəqələrinin sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin daha böyük rol oynamasına imkan yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Layihə İqtisadi və Sosial İnkişaf Mərkəzi və Azərbaycan Ədliyyə Nazirliyinin Şəki Regional İdarəsi ilə birgə həyata keçirilir.

Əlavə məlumat və sorğular üçün Uluçay ilə +994 2424 45447 və ya ilyas@uluchay.org qeyd olunan vasitələrlə əlaqə saxlaya bilərsiniz.