Keçmiş məhbusların cəmiyyətə reabilitasiyasında vətəndaş cəmiyyəti və hökumətin rolu mövzusunda təlim

10 iyul 2017-ci il tarixində “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi vətəndaş cəmiyyəti və hökumət nümayəndələri üçün “Keçmiş məhbusların reabilitasiyası və cəmiyyətə reinteqrasiyasında vətəndaş cəmiyyəti və hökumətin rolu” mövzusunda təlim təşkil etmişdir.

Vətəndaş cəmiyyəti və hökumət nümayəndələrinin keçmiş məhbusların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün alətlər və yanaşmalar üzrə bacarıqlarının artırılması məqsədi daşıyan təlim İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov və müstəqil məsləhətçi Günay İsmayılova tərəfindən keçirilib.

Vətəndaş cəmiyyəti təşkilatları və hökumət strukturları arasında mövcud əməkdaşlıq alətləri haqqında mühazirə vasitəsilə iştirakçılar keçmiş məhbusların cəmiyyətə reinteqrasiyası və reabilitasiyasına dəstək olmaq üçün bilik və təcrübələr əldə etdilər. İştirakçılar həmçinin vətəndaş cəmiyyəti təşkilatları, hökumət və özəl sektor nümayəndələri üçün öz tövsiyə və həll yollarını bildiriblər. Həmin tövsiyələr Uluçay tərəfindən toplanıb və layihənin icrası zamanı yenilənəcək və sonra tövsiyələr paketi kimi müvafiq maraqlı tərəflərə çatdırılacaq.

BMT-nin İnkişaf Proqramının layihə meneceri – Gülşən Rzayeva, Ədliyyə Nazirliyinin Şəki Regional İdarəsinin baş məsləhətçisi - Siracəddin Rüstəmov, Vüqar İskəndərov – Şəki RİH-nin Gənclər və İdman şöbəsinin müdiri və Rəmzi Qafarov – Şəki Penitensiar Müəssisəsinin rəis müavini təlimlərdə iştirak edib və keçmiş məhbusların daha yaxşı reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün gənclərin və hökumət strukturlarının cəlb edilməsinin mümkün variantları və yanaşmaları barədə fikirlərini bildirib.

Təlim “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin təşəbbüsü ilə BMT İnkişaf Proqramının dəstəyi ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Əhalinin həssas təbəqələrinin sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin daha böyük rol oynamasına imkan yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Layihə İqtisadi və Sosial İnkişaf Mərkəzi və Azərbaycan Ədliyyə Nazirliyinin Şəki Regional İdarəsi ilə birgə həyata keçirilir.

Əlavə məlumat və sorğular üçün Uluçay ilə +994 2424 45447 və ya ilyas@uluchay.org qeyd olunan vasitələrlə əlaqə saxlaya bilərsiniz.