Şəki şəhərinin infrastrukturuna dair icmal

Şəki şəhəri respublikamızın şimal-qərbində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 305 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşməklə, Azərbaycanın tarixi və mədəniyyətində çox vacib bir yer tutur. Bu şəhər qədim abidələri ilə yanaşı, təbii ipəkdən hazırlanan məhsulları, müxtəlif növ şirniyyatları, xalçaçılıq, sənətkarlıq nümunələri ilə də çox məhşur olub və bu ənənələri qoruyub saxlamışdır. “Uluçay” SİİM peşə təhsili ilə bağlı araşdırmasında sənətkalıqla bağlı sahənin ətraflı tədqiqini aparmış, müvafiq təklif və tövsiyyələrini dövlət orqanlarının və ictimaiyyətin müzakirəsinə təqdim etmişdir.

Dövlətin, eləcə də, bu sahəyə cavabdeh olan qurumların illər ərzində apardığı gərgin əməyin nəticəsi olaraq, “Xan Sarayı” kompleksi ilə yanaşı (bu kompleks 24.10.2001-ci ildə “gücləndirilmiş mühafizə” statusu almışdır), Şəkinin qədim tarixi mərkəzi də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Bu həqiqətən də, böyük rezonans doğuran hadisə olmaqla, ölkəmizin adına böyük uğurdur və Şəkidə yaşayan insanların, dövlət orqanlarının, özəl və ictimai sektorun məsuliyyətini qat-qat artırır. Bu hadisə həm ölkəmizin daha çox tanınmasına və həm də, Şəkninin iqtisadi cəhətdən çiçəklənməsinə böyük tövhə verəcəkdir.

“Uluçay” SİİM Şəkinin turizm potensialı və peşə təhsili ilə bağlı araşdırmalarında təqdim etdiyi tövsiyyələrdə bu gün üçün aktual olan məsələləri ictimaiyyətin və müvafiq dövlət orqanlarının diqqətinə çatdırmışdır. Şəkinin tarixi mərkəzinin də UNESCO-nun  Ümumdünya İrs Siyahısına daxil olunmasından Şəki əhalisinin, müvafiq dövlət orqanlarının və şəhər infrastruktunun bu kimi əlamətdar hadisəyə (və ya çağırışa) nə dərəcədə hazır olmasını öyrənmək üçün, belə bir araşdırmanı aparmağı məqsədəuyğun saydıq. Çünki, bu hadisə Şəki şəhərinin sosial, mədəni və iqtisadi inkişafında yeni düzənə keçilməsini, maraq və təsirlərin yenidən bölüşdürülməsini və idarəetmənin təkmilləşdirilməsini labüd edir.

Araşdırmada ilk olaraq Şəkinin tarixi mərkəzi adlanan ərazidə (təqribən 150 ha) mövcud olan tarixi abidələrə bir daha baxış keçirilmişdir. Qeyd etmək lazımdır ki, bir çox tarixi abidələr dövlət tərəfindən lazımi şəkildə qorunub və bərpa edilsə də, bürokratik maneələr səbəbindən bu prosesin davamı çox ləng gedir. Eyni zamanda, bəzi tarixi abidələrin bərpasında müəyyən problemlər müşahidə edilməkdədir. Bir çox tarixi abidələrin qapıları daima bağlı saxlanılır.

Araşdırmada ilk növbədə UNESCO-nun tarixi mərkəz nominasiyasına daxil olan tarixi abidələrə bir daha nəzər salmağı lazım bildik. Bunlar:

  • Şəki Xan Sarayı” – (XVIII – XIX əsr) Saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. 30 metrlik iki mərtəbəli bu saray 300 m2 sahəyə malik olmaqla, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII əsr saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən hesab edilir. Şəki Xan Sarayı turistlərin ən çox ziyarət etdiyi yerdir.
  • “Yuxarı Karvansara” – (XVIII – XIX əsr) ümumi sahəsi 6000 kvadratmetr, 3 mərtəbəli, 300 otaq və zirzəmidən ibarət olan Yuxarı Karvansaray. Bu kompleks turist və qonaqların tam istifadəsindir.
  • “Aşağı Karvansara” – (XVIII – XIX əsr) özünün ümumi sahəsi 8000 m, 242 otaq və 4 giriş darvazası olan Yuxarı Karvansara. Bu tikilinin 35-40%-i itirilsə də, Aşağı karvansara kompleksi 4 ulduzlu mehmanxana üçün uyğunlaşdırılmışdır. Hələlik istifadəyə verilməyib.
  • “Şəki Xanlarının Evi” – 1765-ci ildə Məhəmməd Hüseyn xanın sifarişilə tikilmiş, 4 dəhliz və 6 otaqdan ibarət olan saray tipli evdir.  Turistlərin və qonaqların istifadəsindədir.
  • “Dairəvi Məbəd” – 1819-cu ilə aid edilən və alban memarlıq üslubunda tikilmiş bu abidə (bəzi mənbələrdə Dairəvi Məbədin 1853-cü ildə tikildiyi qeyd edilmişdir) tikintisində istifadə edilmiş inşaat materiallarına görə digər abidələrdən fərqlənir.
  • “Qala Divarları” – Qala Şəkinin şmal – şərqində daha yüksəkdə yerləşir və Şəki Xan Sarayını əhatə edir.
  • “Cümə Məscidi” – XVIII – XIX əsr
  • “Xan Məscidi” – 1769-1770-ci illərdə Şəki xanı tərəfindən inşa edildiyindən Xan Məscidi adını daşıyır. Əvvəllər isə “Cümə Məscidi” adlandırılırdı.
  • “Ömər Əfəndi Məscidi” – Məscid özünəməxsusluğuna, bədii ifadəliyinə görə Şəki memarlığı ruhunda XVIII – XIX –cu əsrdə Ömər Əfəndi tərəfindən inşa edilmişdir.
  • “Ağvanlar” hamamı – XIX-cu əsrdə inşa edilmiş bu hamamın adı yerləşdiyi məhəllənin adı ilə bağlıdır və bu hamamın kim tərəfindən tikildiyi barədə dəqiq məlumat yoxdur.
  • “Dərə” hamamı – XIX-cu əsrdə Məmmədnəbi adlanan tacir tərəfindən inşa edilən, bayırdan yer səviyyəsindən 6 metr aşağıda yerləşir. Baxımsızlıqdan dağılmaq üzrədir.
  • “Yeraltı” hamam – Bu tarixi abidənin əsas hissəsi yerin altında olmaqla, günbəzi və dam örtüyü yer səviyyəsinə bərabərdir. XIX-cu əsrə aid olunan, bu hamam el arasında “Pendir Hamamı” kimi səsləndirilir. Təmiri yarıımçıq dayandırılmışdır.
  • “Tağlı Körpülər” – Şəkinin “Yuxarıbaş tarixi qoruq hissəsini iki hissəyə bölən Qurcana çayının üzərində xüsusi memarlıq üslubunda inşa edilən tağlı körpülər bu ərazini birləşdirir.

Təklif və Tövsiyyələr:

“Xan Sarayı” kompleksinin divarının aşağı hissəsində yerləşən kafe-çayxana bu möhtəşəm kompleksə bir yamaq təsiri bağışlayır. Həmin obyektin başqa bir məkana köçürülməsi daha məqsədəuyğun olardı. Belə ki, bu ictimai-iaşə obyekti Saray divarlarının qarşı tərəfini kəsməklə, ümumi mənzərəyə estetik xələl gətirir;

Yerli mütəxəssis və ekspertlərin fikrincə “Aşağı Karvansara” kompleksinin bərpasında seysmoloji vəziyyət nəzərə alınmadan bərpa işləri aparılmışdır. Belə ki, bu tarixi abidə kompleksinin bünövrəsi kommersiya məqsədi üçün daha dərin qazılaraq genişləndirilmişdir. Bu da, həmin tarixi abidənin həm əvvəlki görkəminin müəyyən koloritlərinin itməsinə və həm də, seysmoloji təkanlara qarşı davamsızlığına gətirib çıxara bilər;

Eyni zamanda, bəzi yerli mütəxəssislər təklif edirlər ki, bu kompleksin dağılmış və ya itirilmiş 35-40%-i qədim arxiv sənədləri əsasında yenidən restavrasiya edilə bilər ki, bu da, kompleksin tamamlanmasına və daha da möhtəşəm olmasına səbəb olar;

Qala kompleksinin çıxışında olan dəmir konstruksiyalı açıq konsert məkanın sökülməsi müsbət haldır, belə ki, həmin qurğu qala divarının qarşısını kəsməklə, abidənin qədimliyinə xələl gətirirdi. Eyni zamanda, orada olan əlavə tikintilərin də sökülməsi məqsəduyğun olardı;

Bəzi yerli mütəxəssislər qeyd edirlər ki, qala kompleksinin çıxışında qədim zamanlarda Şəki Xanı tərəfindən istifadə edilən yeraltı tunel mövcuddur və həmin tunelin tapılması və bərpası, bu kompleksin əhəmiyyətini daha da artırar. Təbii ki, bu təklif professional mütəxəssislər tərəfindən geniş tədqiq edilməlidir;

Qala divarlarının çöl tərəfinə yaxın olan ərazilərin də əsaslı olaraq qaydaya salınmasına böyük ehtiyac vardır. Belə ki, qala divarlarının sol bayır hissəsi bərbad haldadır.

Şəki şəhərinin yerli infrastrukturunun real çağırışa hazırlıq dərəcəsi:

Qeyd etmək lazımdır ki, son illərdə ölkəmizdə turizmin inkişafı və geniş təşəkkül tapması üçün ölkə Rəhbərliyi və müvafiq qurumlar tərəfindən əhəmiyyətli işlər görülmüşdür. Bu sahənin inkişafının daha geniş vüsət alması, artıq yerlərdə işin təşkili ilə birbaşa bağlıdır. Qısa desək, əgər Şəkinin turistlər üçün yeni kəşfi uğurlu olarsa, bu halda onların sayında artım müşahidə olunacaq və ya əksinə. Bu da, şəhərin infrastrukturunun bu çağırışa necə cavab verməsi ilə birbaşa bağlıdır. Sadə dildə desək, turistlər şəhərin qədim memarlıq abidələri, qədim sənətkarlıq nümunələri, dadlı yeməkləri və s. ilə tanış olduqdan sonra şəhərin bütün istiqamətlərində asudə gəzintiyə çıxır və hər şeylə ətraflı tanış olmaq istəyirlər. Bütün bunlar da bilavasitə infrastruktun necə qurulması ilə bağlıdır.

1. Qurcana çayı: Şəkinin tarixi mərkəzinin ortasından axan Qurcana çayı çox bərbad vəziyyətdədir.
Bu çay həm də, əhali tərəfindən müxtəlif məişət tullantıları ilə çirkləndirilir. Bu çayın məcrasının təmizlənməsi (iməcilik yolu ilə yox, müəyyən investisiya qoyuluşu və həmin vəsaitin düzgün və şəffaf xərclənməsi şərtilə) həmişə aktual olub və bu gün də aktuallığını itirməyib. 2008-ci ildə “Uluçay” SİİM bu çayın əsaslı bərpası ilə əlaqədar, koalisiya halında (əsas təşkilat Counterpart International Beynəlxalq təşkilatı idi) dövlət instansiyalarına müraciətlər etmişdi və dövlət bu iş üçün külli miqdarda vəsait ayırsa da, o vaxtlar şəhərə rəhbərlik edənlərin tamahı və məsuliyyətsizliyi sayəsində bu işlər yarımçıq və yarıtmaz həyata keçirilmişdir. Həmin şəxslər cəzasını alsa da, bu çay yenə də, natəmiz, təmirsiz və dağınıq haldadır. Son illər ərzində çaya bitişik hündürlüklərin bir hissəsi ev tikmək üçün əhaliyə satıldığından, həmin evlərdən və qonşu məhəllərdən çayın çirkləndirilməsi davam etməkdədir. Bir neçə məhəllə komitələri tərəfindən məişət tullantılarının yığılması üçün müvafiq yerlər ayrılsa da, bəzi vətəndaşlar yenə də məişət tullantılarını çaya axıdırlar.
Problem ondadır ki, şəhərin infrastrukturuna cavabdeh olan qurumlar müxtəlif resursları və təşkilati tənzimləmə sistemini düzgün koordinasiya edə bilmir, hazırki fəaliyyətləri milli prioritetə cavab vermək qabiliyyətinə malik deyil və yaranan problemlərdə subyektin aşkarlanması və tanınması həyata keçirilmir. Eyni zamanda, vətəndaşlardan asılı olan problemlər də, onlara daha tez və anlaşılan şəkildə çatdırılmır.

2. Şəhərin təmizliyi: Şəkinin həm tarixi mərkəzinin və həm də, digər hissələrinin natəmizliyi isə ən ağrılı bir məsələdir. Bu məsələyə birbaşa cavabdeh qurum Şəki Kommunal Təsərrüfat İstehsalat Birliyidir. Bu qurumun fəaliyyəti Şəki İH-nin təsərrüfat şöbəsi tərəfindən tənzimlənir və büdcəsinin əsas hissəsi Şəki şəhər İH tərəfindən formalaşdırılır. Eyni zamanda səhiyyə, mədəniyyət, təhsil, özəl sektor və əhalidən də, təsdiq edilmiş taarif əsasında vəsait toplanılır.
Müxtəlif mənbələrdən daxil olan əhəmiyyətli vəsait müqabilində belə, bu qurum şəhərin təmizliyini tam təmin edə bilmir. Bu müəsissə öz yarıtmaz işi ilə elə görüntü yaradır ki, guya fəaliyyət bu gür olmalıdır və bu yanaşmanı da çoxluq razılıqla qarşılamalıdır. Xidmət göstərdikləri maşınların əksəriyyəti köhnə və nasazdır. Evlərdən və müxtəlif müəsissələrdən məişət tullantılarının daşınması həftədə 1 dəfə həyata keçirilir və bu səbəbdən də, qalan günlər ərzində həmin məişət tullantıları küçələrdə baxımsıız qalmaqdadır. Küçələrin gündəlik təmizlənməsi də həyata keçirilmir, belə ki, bu qurumda rəsmi olaraq çalışan işçilərin sayı yetərincə olsa da, faktiki olaraq işçilər gözə dəymir. Küçələrin əksəriyyətində məişət tullantıları üçün xüsusi yerlər və qablar (konteynerlər) mövcud deyildir.
Digər bir problem isə küçələrin kənarındakı su arxlarıdır ki, bunların da əksəriyyəti bərbad vəziyyətdədir. Tez-tez məişət tullantıları ilə dolan bu su arxları daşaraq küçələrə axır və ətrafa üfunət yayır.
Ağacların qurumuş budaqlarının arıtlanması (kəsilməsi) prosesi də nəzərdən qaçırılmışdır. Ancaq hər hansısa bir fövqəladə hal baş verərsə, onda bu məsələ gündəmə gəlir və fəaliyyətə başlayırlar.
Küçələr, səkilər, nəqliyyat və parklar: Şəki şəhərinin demək olar ki, bütün küçələri və səkiləri çox bərbad vəziyyətdədir. Bunun əsas səbəbi kimi şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması göstərilir və həqiqətən də belədir. Ancaq bununla belə qeyd etmək lazımdır ki, bu işi həyata keçirən şirkət fəaliyyətini dağınıq və səliqəsiz həyata keçirir. Qazdıqları küçələri tam bərpa etmək əvəzinə, onlar asfalta yamaq vurmaqla (həm də, keyfiyyətsiz) öz işlərini bitmiş hesab edirlər. Nəqliyyat – şəhərin mərkəzi hissəsi, eləcə də, qədim tarixi mərkəzi köhnə, texniki baxımdan yarasız vəziyyətdə olan maşınlarla çirkləndirlir. Bütün maşınlar istədikləri yerdə parkovka olunur. Sərnişin avtobuslarının fəaliyyəti qənaətbəxş deyildir. Dayanacaqlar azlıq təşkil edir və avtobuslar istədikləri yerlərdə dayanmaqla, şəhərin nəqliyyat sistemində problemlər yaradırlar.
İstirahət parklarının hamısı xirda ticarət və çayxanalar tərəfindən zəbt edilməklə, oraya gələn insanların (əsasən də, uşaqlı anaların) istirahət etməsinə çətinlkilər yaradır.

3. Əhalinin maarifləndirilməsi: Apardığımız müşahidələr göstərir ki, şəhərin natəmiz olmasında ən böyül payı olan elə yerli sakinlərdir. Ona görə də, Şəkinin qədim tarixi mərkəzinin də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini bir-iki konsert proqramı ilə qeyd etməkdən əlavə, operativ olaraq, əhali arasında güclü maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Bu missiya bütün qurumların, dövlət, özəl sektor, KİV və QHT-lərin üzərinə böyük məsuliyyət qoyur. Təmizlikdən tutmuş, etik davranış normalarına qədər və digər vacib sahələr üzrə əhali arasında fasiləsiz olaraq geniş maarifləndirmə və məlumatlandırma kampaniyaları aparılmalıdır. Bundan başqa müvafiq inzibati tədbirlərin (cərimə, cəza və s.) də həyata keçirilməsi qaçılmazdır. Bu sahə üzrə şəhərimizdə fəaliyyət göstərən QHT-lər öz fəaliyyətlərini gücləndirməli və geniş maarifləndirmə kampaniyalarına başlamalıdır.

Təklif və Tövsiyyələr:

  • Şəhərin məişət tullantılarının daşınmasını və ümumiyyətlə şəhərin təmizliyini təmin etmək Şəki
  • KTİB-nin birbaşa vəzifəsi olsa da, onlar bunun öhdəsindən gəlmək imkanında deyillər və öz işlərini bu günün tələblərinə uyğun qura bilmirlər. Ekspertlər inkişaf etmiş ölkələrdə olduğu kimi bu fəaliyyəti tənzimləyən özəl müəsissələr üçün şəraitin yaradılmasını məsləhət görürlər. Belə ki, rəqabətlilik mühiti bu problemin həllinə əsaslı təkan verə bilər. Ancaq bu halda şəhərin məişət tullantılarının gündəlik yığışdırılması və təmizlənməsi mümkündür. Belə ki, özəl müəsissələr bu işləri yüksək səviyyədə təşkil etmək üçün “ölü canlar”a yox, həqiqi və professional işçilərə üstünlük verəcəklər. Qazanc əldə etmək üçün bütün müasir yanaşmalardan istifadə etməklə rəqabətə dözməyə çalışacaqlar.
  • Məişət tullantılarının atılması və ya təkrar istifadəsi üçün Şəkinin kənar ərazilərinin birində özəl sektor tərəfindən Məişət Tullantılarıının Emalı Zavodu tikilməlidir, çünki, təqribi hesablamalara görə, il ərzində yaranmış məişət tullantılarının miqdarı 45,9 min kub metr təşkil edir.
  • Məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üçün yeni konsepsiya hazırlanmalı və təcili icrasına başlanmalıdır.
  • Bu məsələyə qrup və şəxsi mənafe baxımından deyil, obyektiv, real və elmi-prakrik cəhətdən yanaşma tətbiq edilməlidir.
  • Bunun üçün dövlət qurumları, ictimai və özəl sektor, KİV və ictimaiyyətin aktiv üzvlərinin də cəlbolunduğu “Monitorinq Mərkəzi” yaradılmalıdır.
  • Məhəllə və küçələrin sanitar təmizlik vəziyyətinin fasiləsiz olaraq yoxlanılması üçün xüsusi bir komissiya yaradılmalı və bu komissiya mütəmadi olaraq reydlər keçirməklə, mövcud real vəziyyətlə bağlı müvafiq dövlət qurumlarına və ictimaiyyətə məlumat verməlidir.
  • Mövcud nöqsanlar foto və video materiallar şəklində nümayiş etdirilməli və müvafiq tədbirlər görülməlidir.
  • Təkrar emal oluna bilən və qarışıq məişət tullantılarını yığmaq üçün xüsusi və müasir konteynerlər alınıb məhəllələrdə yerləşdirilməlidir.
  • KTİB-nin işçi heyəti çeşidlənmiş məişət tullantılarını yığmaq və tullamaq üçün ətraflı təlimatlandırılmalıdır.
  • Əhalini maraqlandırmaq və həvəsləndirmək lazımdır ki, yaşadıqları ünvanda yaranan tullantıları – emal oluna bilən və emal oluna bilməyən tullantılara ayırsınlar;
  • İlk vaxtlar üçün məişət tullantılarını çeşidləmək üçün əhaliyə xüsusi (əsasən qara rəngli) selofan paketlərin dövlət qurumları tərəfindən təmənnasız verilməsi məqsədəuyğun sayılır.
  • Şəhərdə “Təmizlik Ayı” kimi tədbirlər keçirilməsi əhalinin diqqətini bu məsələyə cəlb etmək baxımından yaxşı bir təşəbbüs olardı.
  • Şəhərin müxtəlif istiqamətlərində təmizliklə bağlı bannerlər asılmalıdır.
  • Məhəllələrdə xəbərdarlıq lövhələri yerləşdirilməlidir.
  • Çirklənməyə daha çox məruz qalan ərazilərdə kameralar quraşdırılmalıdır.
  • TV, KİV və sosial şəbəkələrdə bu məsələyə diqqət artırılmalıdır və s.